Create successful ePaper yourself
Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.
Mustafa YÖRÜ

İSAQ QUŞU

İtmiş çulun izində...

1
Tükiyə türkcəsindən dilimizə uyğunlaşdıran:

Elçin İbrahimov

Redaktor:

Nərgiz Cabbarlı

Naşir:

Müşfiq XAN

Korrektor:

Asifə Əfəndi

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Teymur Fərzi

Mustafa Yörü. İsaq quşu (İtmiş çulun izində...)

“XAN” nəşriyyatı. Bakı–2016. 512 səh.

“İshaq quşu” romanında tatar istilasından qaçaraq öz doğma türk yurdunu tərk

edərək Bağdada üz tutan bir ailənin taleyindən söhbət açılır. Əsas qayəsi “ağacı qurd

içindən yeyər” atalar sözündən götürülmüş romanda da bu güclü ailəni öz oğlu satır,

quldurlarla birləşib yolda karvanlarının yağmalanmasına səbəb olur. Əsəri oxuduqca

bir qadının gücünə və qəhrəmanlığına heyrət edəcəksiniz .

ISBN: 9000000060143

Bu kitab Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin “Türk

ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çapa hazırlanmışdır.

Göstərdikləri köməkliyə və dəstəyə görə nazirliyin əməkdaşlarına, Türkiyənin

sabiq dövlət naziri, hörmətli Sadi Somuncuoğluna və Orta Şərq mütəxəssisi

Rahim Cavadbəyliyə təşəkkürümüzü bildiririk.

2

© Orxan Yeniaras / 2016

© “XAN” nəşriyyatı / 2016
TƏBRİZ

Təbrizin məşhur tacirlərindən Bəzzaz Hacı Əli Rüstəm bəy Səmərqəndi

ağa öz kiçik malikanəsində çox narahat idi. Ev əhalisinin

yanında, qardaşı övladları, uzaq-yaxın bütün qohum əqrəbası, qonşular,

kölələr, hamballar, xidmətçilər və çoxsayda digər insanlar ucubucağı

görünməyən, kölgəsi geniş bağçadan evə, evdən də bağçaya

tərəf qaçışırdılar. Bəzilərinin başında qalaylı qab-qacaq, bəzilərinin

əlində köhnə əski-üskü, bəzilərinin çiynində ilan kimi uzanan, axıb

getməyə hazır ipək xalı, bəzilərinin qolunda şüşə qablar və daha

nələr... Partlamağa hazır hər un çuvalının yanında qurudulmuş və hisə

verilmiş ətlər, meyvə quruları, yeməklərin ətrafına düzülmüş dağ kimi

yorğanlar, yataqlar... Bütün bu əşyalar, bağçanın düz ortasındakı hovuzlu,

eyvanlı meydana qarışıq şəkildə qoyulmuşdu. Evlə meydan

arasındakı yol sanki buğda, mərcimək, düyü dənələri, çörək qırıntıları,

əski-üskü, bez, corab cırıqları, qab-qacaq qırıqları ilə döşənmişdi!

Qaça-qaça içəri girənlər evlərdən əlidolu çıxır, geriyə qayıdanda əliboş

qayıdırdılar. İnsan uzun müddət seyr etməyə çalışsaydı, izləyə-izləyə

başı gicəllənər, yorula bilərdi.

Bu qəribə insan mənzərəsinin ortasında heç tələsməyən, otaqları

tək-tək gəzən bir nəfər var idi: Hacı Əli Rüstəmbəy ağa. Bu ağsaqqal

adam hər otağın qapısını aramla, ahəstə-ahəstə açır, axtardığını görə

bilmədikdə, heç kimə heç nə söyləmədən sonrakı qapıya doğru yönəlirdi.

Bu qədər insandan heç biri Hacı Ağaya nə axtardığını soruşmağa

cəsarət edə bilməzdi.

Onsuz da özü, ehtiyac olduğu təqdirdə, nə istədiyini deyəcəkdi.

Hacı Əli Rüstəmbəy heç ərinmədən qəsrin bütün otaqlarına tək-tək

baxdı. O, ətrafında baş verənlərlə heç maraqlanmırdı da. O bütün diqqətini

hədəfinə yönəltmiş ov quşu kimi idi...

Bəli, axtarışları qurtardıqdan sonra, bağçaya çıxdı. Qəsrin həyətini

gəzməyə başladı. Əvvəlcə xidməti otaqları, daha sonra anbar və

yeməklərin saxlandığı yerləri dolaşdı. Axtardığını tapa bilmədikdə,

axura və heyvanlar üçün yığılan ot tayalarına tərəf getdi. Halbuki həyətin

bu tərəflərinə adətən getməzdi. Onu bu şəkildə görənlər evinə

vida etdiyini düşünürdülər. Bu, heç də asan məsələ deyildi... Sən qocaman

bir Bəzzaz Hacı Əli Rüstəmbəy ağa ol, amma doğma yurdundan-yuvandan

bu şəkildə ayrılmaq məcburiyyətində qal!

3
O, axırda toyuq hini kimi istifadə etdikləri yarıqaranlıq tikiliyə

gəldi. Əvvəlcə içəridəki səsi dinşədi – heç nə eşidilmirdi. Sonra köhnə

taxta qapını açdı, qapıdan cırıltılı bir inilti çıxdı. Hinin içərisi qəfildən

işıqlandı. Hacı Ağanın gözləri qıyıldı, sonra geniş-geniş açıldı. O,

yavaş-yavaş içəri girdi. Həmin anda içəridə olan mənzərə donub qalmış

rəsm kimi idi... Başına sarıdığı qırmızı örpəyə düz alnının ortasında

tovuzquşu və müxtəlif rəngli quş lələkləri taxmış, çənəsinə kiçik

qırmızı tük yapışdırmış yaşlı qadın, bununla da yetinməmiş, rəngarəng

libasları üst-üstə geyinmişdi; belinə bağladığı şərf quyruq kimi

arxasınca sallanırdı; gözlərinə çəkdiyi sürmə həddindən çox olmuş,

yanaqlarını qıpqırmızı boyamışdı.

Qapı açılanda bayram məsxərəsinə dönmüş qadın belini bükərək

qabağa əyilmiş şəkildə durmuşdu... Onun gözləri nə qədər təəccüblə

baxsa da, sevimli bir uşaq gözlərinə bənzəyirdi. Sanki küləksiz havada

tərpənmədən dayanan, budaqlarına rəngli əski-üskü bağlanmış niyyət

ağacı idi.

Qadın yumurta üstdə yatmış ana toyuğa tərəf əyilmişdi; toyuq bir

anlıq qapıya tərəf dönüb baxsa da, daha sonra gözlərini pipiyinə toxunan

bu qəribə canlıya tərəf çevirdi. Ana toyuğun çox narahat olduğu

onun heç tərpənmədən, ofsunlanmış kimi bu qəribə qiyafəli qadına

dəhşət içərisində baxmasından məlum idi.

Yaşlı olmasına baxmayaraq, qadının cavanlara xas gözəlliyi və

sərt baxan parlaq gözləri var idi. Belə bir vəziyyətdə yaşlı adamın qarşısına

çıxdığı üçün çox narahat olmuşdu.

Hacı Əli ağa bir müddət elə səssiz vəziyyətdəcə dayandı, onsuz

da belə səssizlik onun hərzamankı xasiyyəti idi. Qadın onun hansı şəkildə

davranacağını üzündəki ifadədən anlamağa çalışdı.

Hacı əvvəlcə əlini ağappaq saqqalına doğru apardı, sonra qəfildən

qəhqəhə çəkərək ana toyuqları ürkütdü; hinin içində səs-küy aləmi

başına götürdü. Bəndini yıxmış, qabarıb daşmış bu qalın səsi sıx

ağaclı və sərinkölgəli bağçada əşya daşıyan, daşıdıqlarını geri qaytaran

yaşlı, cavan, lal, kar – demək olar ki, hamı eşitdi. Eşitmək bir yana,

başqalarının da eşitməsindən əmin olmağa çalışdı. Çünki bu səsin

Hacı Rüstəmbəydən çıxmış olması qədər qəribə heç nə ola bilməzdi.

Qəsrin həyətində yaşayan ailələr, illərlə burada işləyən qulluqçular

Rüstəmbəy ağanın bu cür qəhqəhə ilə güldüyünü yuxuda eşitsəydilər,

yenə də inanmazdılar. Əlbəttə... Axı o, ölçüb-biçmədən söz

4
deyənlərdən, hərəkət edənlərdən deyildi. İndi nə baş vermişdi ki, uşaq

kimi davranmışdı?

Ancaq belə bir şəraitdə bunu da adi qarşıladılar. Hər halda, baş

verənlər güclü bir qasırğanın yaşı əsrlərə bərabər ağacları kökündən

sökməsi, sarayları dağıtması kimi bir şey idi... Belə vəziyyətdə əlbəttə

ki, sovrulan, yıxılan, dağılanlara görə heç kimi qınamaq olmazdı.

– Nə olub məgər? – deyə qadın soruşdu.

O, əynindəki geyimin qəribəliyinin belə fərqində deyildi. Hacı

Ağa susmuşdu.

– Sənin mavigözlü gəlininin balası istəmişdi. Ona görə...

– Qurbanbəy üçündür ki? – Hacı Ağa soruşdu. Həyat yoldaşının

qəhqəhəsinə heyrət etsə də, onun hərzamankı səmimiyyətlə danışması,

qadının cəsarətini özünə qaytardı.

– Hə, o istədiyi üçündür, özün bilirsən ki, toyuq-cücəni çox sevir,

həmişə onlarla oynayır...

– Bəs? – deyərək Hacı Rüstəmbəy küsmüş kimi başını qabağa

əydi.

– İndi bunun yeriydi ki?

Qadın səsini çıxarmadı. Hacı başını qaldırdığında gözlərindəki

lağlağı ifadə edən bir parıltı göründü.

– Yəni indi hər kəs işin bir ucundan tutub hazırlıq gördüyü bir

vaxtda sən bu ölüm-qalım məsələsini bir kənara buraxıb yumurtadan

çıxacaq cücələrin sürməli olması, pipiklərinin qanqırmızı, tüklərinin

də parıltılı olması üçünmü bu qiyafəyə büründün?

Qadının özünə inamı get-gedə artırdı, çünki artıq Hacı ağanın

hirsli olmadığını anlamışdı. Hərçənd, bir dəfə də olsun Hacı Ağadan

qorxduğu olmamışdı, ancaq onun qəlbini qırmaq qorxusu hər zaman

ürəyində idi.

– Hacı ağa, onsuz da bu toyuqları özümüzlə apara bilməyəcəyik,

mən də onları Qurbanbəyə vermək istəyirəm. İndi bala da istəyir; dedi

ki, nənə, nə olar ana toyuğa gözəl toyuq kimi görsən, cücələri yumurtadan

sürməli, qan qırmızı çıxsın... Onsuz da o işləri edəcək adamlar

tapılar. Böyük-böyük oğulların, Gülbahar gəlinin var... Mən də sonuncu

balanın istəyini yerinə yetirim dedim.

Daha sonra Hacıya ürəyindəkiləri yaxşıca boşaltdı.

– Həm də mən bu işləri görməsəm, başqa heç kim görəmməz.

Sən bunu asanmı sayırsın, ağsaqqal Hacı? Bunun üçün nə qədər hazırlıq

işləri gördüm. Biləsən ki, belə bir vaxtda bu da lazımdır!

5
Sonra o durub etdiklərini sevincli bir şəkildə göstərməyə başladı.

O həmin an bunun nə qədər gülünc olduğunu heç düşünmürdü də.

– Səhər-səhər Qurbanbəyi tezdəndən oyadıb ona döyüşçülərin

üzünə çəkdikləri sürmədən çəkdim: əvvəlcə zeytunyağına batırdığım

əskini yaxşıca yandırdım. Sonra içinə su qoyduğum qabı üzərinə tutdum

ki, altına bir az his yığılsın. O yağlı, qapqara, nəmnazik hisi toplayıb

qamışın içinə doldurdum. Sonra toyuq lələyini batırıb öz gözümə

də, Qurbanbəyə də yaxşı-yaxşı sürtdüm...

– Uşaq kimisən, Bostan xatun! Sürməni hazırlamaq üçün bu qədər

əziyyəti nəyə çəkirdin? Yaxşı bilirsən ki, sürmənin ən yaxşısı bizdə

olur. Məgər, – “Sürmənin ən yaxşısı Hindistanda, Türkmənin xası

Xorasandadır”, – demirlərmi?

– Ancaq dediyin o sürmələrin heç biri mənim hazırladığım kimi

olmur. Həm də Qurbanbəylə birlikdə hazırlamağımız onun çox xoşuna

gəlir.

Sürməli gözləri uşaq sevinci ilə parlayan qadın elə şirin-şirin gülümsədi

ki, Hacı Ağanın deyilənləri qəbul etməkdən başqa çarəsi qalmadı.

– Düzdür, əziyyət çəkmisən, ancaq çox yaraşır, canım Bostan.

Ona deyilən xoş sözlərdən sevinən qadın daha cəsarətlə danışmağa

başladı:

– Əlbəttə, bu cücələr, necə də olsa, yumurtadan çıxacaqlar, amma,

heç olmasa, gözəl olsunlar. Sən uşaq olanda məgər ağbirçək nənən

sənin üçün belə etməyib ki?

Hacı Ağa əlini yenidən saqqalına atdı, az qalırdı ucunu ağzına

aparsın. Həmişə fikrə gedəndə belə edərdi – artıq vərdiş halını almışdı.

Qadının sözlərindən sonra bir anlıq nənəsinin yaratdığı gözəl toyuq

sürətini xatırladı. Necə də gözəl çəkmişdi ağbirçək nənəsi? Onu

rəngarəng geyimdə, tüklü-quyruqlu şəkildə toyuqların qarşısında bir

o tərəfə, bir bu tərəfə rəqs edərkən qapının arasından izləmişdi. Üstündəki

tükləri, gözündəki sürməni, üzündəki rəngləri toyuqlar görüb

yadlarında saxlasınlar deyə, nənəsi gah o tərəfə, gah bu tərəfə dönmüşdü...

Hətta arxasını çevirib süpürgə bağladığı ombasını da hər bir

toyuq üçün ayrı-ayrılıqda oynatmışdı. Dəhşət içində olan toyuqların

bu qəribə rəqqasəyə sehrlənmiş kimi baxdıqları da indi yaxşı yadında

idi... Ancaq nəvəsinin bunu gördüyünü anladığı an nənəsi dərhal oynamağını

saxlamış, utanaraq başını aşağı salmışdı.

– Can Əli, sən nə vaxtdan buradasan? – deyə utanaraq soruşmuşdu.

6
Əli isə başını aşağı salmış, nənəsinə bir söz deməmişdi...

– Sən indi buna can Qurbanbəy üçünmü etdin?

– Bəs nə bilmişdin, başqa kimin üçün etməliydim ki?

– Heç, elə-belə soruşdum, yəni özün üçün etmə, başqası üçün etməyinin...

Qadın ilk dəfə gülümsədi, inci kimi dişləri vardı hələ...

Yaşına baxmayaraq üzünün bənzərsiz gözəlliyi, bu yumşaq təbəssümlə

buluddan ayrılan ay kimi, özünü hiss etdirirdi:

– Gözbəbəyim, Hacım, özüm üçün də edərdim ancaq indi onun

vaxtı deyil, – deyərək Hacının dediklərini ciddiyə almadığını göstərməyə

çalışdı.

Rüstəmbəy ağa, guya, hirsələnmişdi ancaq davranışlarından sanki

ona sevgi etirafı olunubmuş kimi bir təəssürat var idi:

– Bostan xanım, de görək... Sən indi belə bir vəziyyətdə Qurbanbəyin

könlü şad olsun deyə gözəl şəkildə toyuq kimi bəzənməlimiydin,

yoxsa işlərə nəzarət edib hər şeyin düzgün şəkildə yerləşdirilməsi

üçün onların yanında olmalımıydın? Sən bu evin xanımı, bu qədər

adamın xanımı deyilsənmi?

Qadın birdən-birə yerində silkələndi, sanki yenidən gəncləşdi.

– Yaxşı görək, ay Hacı ağa, evdə bu qədər adam var! Qocaman

kəndxudan var. İki qazan, üç xalça, qalanları əski-üskü! Sən ki otuz

ildir nə pula, nə mala dəyər verirdin, bu həyəcana səbəb nədir, nur üzlü

dünyam? – deyərək ədayla quyruğundakı süpürgəni çıxardıb atdı.

Hacı Rüstəmbəy gülümsədi, onun da yaşlı olmasına baxmayaraq

ağappaq bığlarının altından inci kimi dişləri var idi. İndi də parlayırdılar.

Daha sonra:

– Sən də günahını yaxşı bildiyin halda məni ən həssas yerimdən

vurursan, canımın Bostanım!

Hacı Əli ağa bir anlıq kədərləndi, ancaq özünün eşidə biləcəyi bir

səslə dedi:

– Otuz il oldu ki? Zaman nə tez keçdi? – sonra da dərindən köksünü

çəkdi.

Bu gözəl, ədası cana can verən, bir baxışı ilə mülklər yıxan, Təbrizi

bir-birinə qatan, zəhər kimi acıdil Əlini şəkər-şərbət edən dəlisov

Bostanla birlikdə otuz il keçirmişdi, eləmi? Hacı Əli xanımı Bostanla

birlikdə yaşadığı ömrün nəinki ilini, ayını, hətta gününü belə unutmamışdı...

7
TƏBRİZİN AYNASI

Təbriz çalxalanırdı, eşidənlər söylənənlərə, görənlər gözlərinə

inana bilmirdi. Olmaz deyilən hadisələr olmuşdu bu gün. Bu, Dədə

Qorqud hekayələrindən ancaq biri ola bilərdi. Belə bir hadisəyə nə

özləri, nə də ataları şahid olmuşdu. Söyləninlərdə, az da olsa, həqiqət

payı vardırsa da, qalanları nəfəsi qüvvətli, çənəsi bərəkətli, meydanı

bol olan avaraların uydurması idi. Çoxlu sayda insanlar işlərini buraxıb,

bəziləri atlarla, bəziləri də piyada Hacı Kırına tərəf tələsirdilər.

Aralarında bir çoxunun heyvaları otlaqda, körpə uşaqları qundaqda,

yeməyi, aşı ocaqda, qoca və xəstələri yataqda, dükanları və piştaxtaları

sahibsiz qoyub hadisə yerinə tələsmələrinə əsaslı səbəbləri var idi,

əlbəttə!

Bazarlar, küçələr, xanalar, hamamlar, evlər boşalmışdı. İnsan

kütləsi içərisində “bu mənim nəyimə lazımdır” deməli olan yaşlı, qoca,

ağsaqqal, bir ayağı çuxurda olanlar belə “oturum oturduğum yerdə”

deməli, olan kamillər belə ayaq üstündə idi...

Bu əsnada şəhərin əsilzadə və tanınmış ailələrindən olan Bəzzaz

Səmərqəndilərin böyük oğlu Ali Rüstəmbəy ağa babalarının tikdirdiyi

Bəzzaz Səmərqənd xanagahında, minbir növ ipək parçalarla zəngin

yarıqaranlıq dükanda, dəmirli pəncərənin qabağında oturub kitab oxuyurdu.

Normal günlərdə günün bu saatında alış-veriş başlamalı olduğu

halda nəyəsə görə xanəgahda bu gün tənhalıq hökm sürürdü. O, bir tərəfdən

bunu düşünürdü, bir tərəfdən də əlindəki kitabı oxumağa çalışırdı.

Əlindəki kitabı oxumağa böyük marağının olduğunu bilən yaxın

bir dostu vermişdi. Bu adam yaxınlarda rəhmətə gedən bir tacirin oğluydu.

Atası bu kitabı səfərlərinin birində almışdı. Oxuduqlarını yaxşı

başa düşmək üçün diqqətini bütünlüklə ona verdiyindən, çöldə baş verənlərin

fərqində deyildi. Onun bu vəziyyətinə vərdiş etmiş satıcısı

onu səslədi:

– Ağa, görürsünüzmü çöldə nə baş verir?

Əli Rüstəmbəy könülsüz şəkildə başını qaldırdı. Hər zaman

adamlarla dolu dükanlar bu gün boşalmış, son bir neçə nəfər bez satıcısı

qapılarda maraqla müştəri axtarırdılar... Rüstəmbəy ağa pəncərə

qabağından keçən adama səsləndi:

– Xeyir ola, nə baş verib belə, bu camaat haraya gedir?

Ağasını yaxşı tanıyan gənc biganə bir şəkildə dedi:

8
– Heç. Dediklərinə görə, Hacı Kırına oba qurublar...

– Nə olsun ki, burada qəribə nə var axı? İlk dəfə deyil ki... Hər

zaman belə şeylər olmur məgər?

Gənc satıcı bu suallar qarşısında bir az hirsli şəkildə:

– Yox, elə deyil, bu, başqa məsələdir, – deyərək hirsli şəkildə cavab

verdi.

Rüstəmbəy yenidən diqqətli kitabı yarımçıq qaldığı yerdən oxumağa

başlamaq istəyirdi ki, birdən-birə fikirini dəyişib soruşdu:

– Bunun nəyi başqadır ki?

Cavan satıcı Rüstəmbəyin bu suallarından xilas olmaq üçün tələsik

cavab verdi:

– Digərlərindən fərqi budur: Obanın bəyinin bir qızı varmış. O

qədər gözəl imiş ki, görənlərin dili tutulmuş, gözü yumurta ağı kimi

qara yerə tökülürmüş!

Rüstəmbəy əlini havada oynatdı:

– Yaxşı görək sən də! Bu millət birinci dəfədir belə bir qız görür?

– Allah bilir bu qız hansı gözəlliyə sahibdir ki, onun haqqında bir

eşidən eşitdiklərinə min də qatıb başqalarına danışır.

– Onsuz da boş, avara işlərlə məşğul olan millətə nə danışılsa,

onu başqalarına da yayacaq, sahibsiz millətə elə belə əyləncələr lazımdır

da! Həm də... sənin işin-gücün var axı... Dükanı buraxıb hara gedirsən,

ay avara?

Gənc satıcı sahibinin bu təhqirlərinə dözə bilmədi:

– Ağa, əlbəttə sənin evlənmək, ev sahibi olmaq kimi qayğıların

yoxdur. Həyatda ancaq oxu, oxu, oxu... Axırı nə olacaq? İndi də baş

verənlər sənə lazımlı deyil, əlbəttə, bu işlər bizim kimi avara və axmaqlara

layiqdir. Ancaq bu, təkcə qızın gözəlliyi məsələsi deyil ki...

Ona görə də bizə belə rişxəndlə baxıb bu cür sözləri söyləməyiniz

əbəsdir.

Satıcının bu sözləri Rüstəmbəy ağanı hiddətləndirdi.

– Bəs onda nədir bu mühüm məsələ?

Cavan oğlan son nöqtəni qoyub dərhal çıxıb gedə bilmək üçün

qısaca danışdı:

– Ağa, qızın atası obanın bəyidir. Qıza o qədər elçi düşənlər var

ki... Ancaq qız onlardan heç birini qəbul etmir, uyğun olmadığını deyir.

Özünə uyğun olacaq adam üçün şəhər-şəhər, oba-oba gəzir. Bu

elə bir igid olmalıdır ki, bəy qızının atına qalib gələ, oxunu keçərək

9